2023-cü ilin I rübü ərzində ümumilikdə vergi orqanlarına 78.398 müraciət daxil olub, bunların 93 faizini ərizələr, 6,9 faizini şikayətlər, 0,1 faizini müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 88,3 faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 11,7 faizi hazırda icradadır. Baxılmış müraciətlərin 66,6 faizi həll olunub, 30,5 faizi barədə izahat verilib, qalanları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz azalıb. Həll edilmiş faktiki şikayətin böyük əksəriyyəti kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, qalanları vergi mükəlləfiyyətləri, vergi ödəyicisinin qeydiyyatı, vergi borcları və digər məsələlərlə bağlı olub.
Yanvar – mart ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 96 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.