Məlum olduğu kimi, fəaliyyət növləri üzrə vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi ödəyicilərinin vergi öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin əmri ilə “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” təsdiq edilib.
7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar artıq yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nın veb versiyası hazırlanıb (https://bit.ly/vahid-standartlar).
Veb platforma vasitəsilə istifadəçilər, o cümlədən vergi orqanlarının əməkdaşları iqtisadi fəaliyyət növləri üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın alınması ilə bağlı məlumatları asanlıqla əldə edə biləcəklər. Platformada “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” da yer alıb və həmin standartlar üzrə müvafiq axtarış imkanları mövcuddur.